raskol-ikitirelik-nifaq-veziyyet-ruscadir
Müəllif: Publisist.az /Tarix: 2021-03-18 /Oxunma Sayı: 685

"Raskol" - ikitirəlik, nifaq...- "Vəziyyət ruscadır"

Senzura Fyodor Dostoyevskinin "Ölü evdən qeydlər"ini ciddi bir "nöqsanına" görə çapa buraxmırdı: əsərdə katorqa, məhbəs çox da ağır yer təsiri bağışlamır. Yəni müəllif "içərini" də elə azadlıq kimi yazıb, cinayət meyilli oxucu bu əsərlə həbsxana əzabından qorxmaz və hətta ora rəğbəti də yarana bilər. Belə absurd bəhanələri uydurmaq Çar senzurasının (əslində, bütün senzuraların!) şakəri idi. Misal üçün, Qriboyedovun "Ağıldan bəla"sının çapı daha sərt bir səbəbdən əngəllənirdi; Famusovun qızı Sofiyanın Molçalinə aid hisslərinə, hətta gecə vaxtı onun otağına getməsinə görə... Ayıbdı axı, zadəgan nəsillərin qızları belə əsərləri oxuyub nə öyrənərlər?!

Doğrusu, bu gülməli səbəbi, ya da Sofiyanın əməllərini şərh etmək niyyətim yoxdu, amma "Ölü ev..."in sərbəstlik, yaxud da əksinə azad-asudə yaşanılan zamanın ölü ev təsiri bağışlaması haqda çox danışmaq olar. Dostoyevskinin niyyəti insanı qəlizə salıb dibini, dərinliyini, bütün təbəddülatlarını göstərməkdi. Hətta senzuranın tələbi ilə əsərə cinayət və məhbəs haqda əlavə etdiyi didaktik cümlələr də yamaq təsiri bağışlayır. Elə ona görə də əsər açıq finalla bitir... Qəhrəmanın buna qədərki də,  bundan sonrakı da düşüncələri müəllifin digər əsərlərinə ötürülür, sanki.

Əlbəttə, bu fikirlər ətrafında çoxlu dönüb dolaşmaq, xeyli var-gəl eləmək mümkündü. Nədən ki, yoldaş Fyodorun yazdıqları bitib-tükənməyən şərhlərə yol açır. "Ölü ev..."dən sonra mühiti silkələyən Dostoyevski qələmindən beş möhtəşəm roman çıxır: "Cinayət və cəza", "İdiot", "Şeytanlar", "Yeniyetmə" və  "Karamazov qardaşları"... Elə sadəcə bu əsərlərin süjetlərini yada salmaq kifayətdir ki, müəllifin Xeyir və Şər mübarizəsini təməl mövzu hesab etməsi aydın olsun. Həm də axı bu mübarizədən təkcə Dostoyevski qəhrəmanlarının yox, sadəcə rus xalqının yox, bütöv dünyanın taleyi asılıdır. Və öncəki yazılarımda dəfələrlə vurğuladığım kimi yalnız yazıçılığı yox, həm də insanlığı işığa çıxarmağı, olan və ola biləcək təhlükələrdən qorumağı qarşısına məqsəd qoyan müəllif bir növ xəbərdarlıq edir.

Rusiyada təhkimçilik hüququnun yeni-yeni ləğv olunduğu zamanda, gələcək istiqamətlərin hələ dəqiqləşmədiyi bir vaxtda fərqli ideyalar ortaya qoyulurdu. Kimsə millətin inkişafını çevrilişlərdə, inqilablarda, radikal dəyişikliklərdə görürdü. Bu təmayülləri yazıya alanlar da, təbliğ edənlər də az deyildi. Amma Dostoyevski inqilabların əleyhinə idi, nicatı mənəvi kamilləşmədə görürdü və qüsurları da, vahiməli məqamları da çəkinmədən yazırdı. Bir də əsas şərt zahirən pərdələnmişin arxasında, dibindəkini anlamaq, oxucuya anlatmaqdı... Ona görə yüz illər keçsə də, bu gün də onun əsərlərindəki kodlar araşdırılır, mesajlar aşkara çıxarılır...

Deməli, əsərin əsas qəhrəmanının adı, soyadı - Rodion Romanoviç Raskolnikovdur. Adlarla nələrisə simvolizə etməyi xoşlayan yazıçının cinayətkara belə bir ad-soyad verməsi təsadüf olmaz. Bunu "Roman o roskole rodinı" - Vətənin parçalanması haqda roman - deyə yozanlar da var. Amma istənilən halda yozumun yanlışlığından və düzlüyündən asılı olmayaraq, "Cinayət və cəza" sadə bir detektiv deyil. Hər şeydən əvvəl ona görə ki, adi detektiv süjetlərindən fərqli olaraq burda cinayətkarın kimliyi öncədən bilinir. Burda daha çox o vəziyyətə gətirən səbəblər və bundan sonrakı hal iri plandadır... "Ölü evdən qeydlər"ə qayıdıb demək istəyirəm ki, elə orda da yazıçı cinayətkarların qanun qarşısında deyil, öz vicdanı və Allah qabağında günahkar olduğunu önə çəkir. Yəni insan sadəcə qanunla veriləcək cəzadan qorxmur, o, vicdanının onu rahat buraxması üçün və Allahın mərhəmətini qazanmaq üçün paklaşma mərhələsini keçir.

Dostoyevskinin özünün bir insan  kimi  bu həyatın hər üzünü yaşaması mənə görə ən vacib məqamdı. Elə "Cinayət və cəza" yazıldığı ərəfədə də bütün pullarını qumarda uduzmuş, kreditorlarına külli miqdarda borcu olan, hələ üstəgəl, yeməyi zorla alan yazıçı bir növ Raskolnikovun kasıbçılığını yaşayır. Amma əsərin ideyası ilk vaxtlar tamam başqa yöndən gəlir ağlına, sadəcə "Sərxoşlar" adlı 40-50 səhifəlik povest yazmaq istəyir. Amma məşhur cinayətkar, fransız şairi Pyer Fransua Lasnerin məhkəmə nitqini oxuyanda bütün niyyəti alt-üst olur. O dövrdə ardıcıl cinayətlər törətmiş Pyer məhkəmədə də halını pozmur, gülümsəyirmiş, sonra kağıza filana baxmadan bir saatlıq nitq söyləyir və əməllərinə haqq qazandırır. Daha doğrusu, özünü yox, onu bütün bunlara sürükləyən cəmiyyəti günahkar sayır. Hələ sonralar bütün məhkumluq həyatında həbsxanadan memuarlar yazıb özünü təmizə çıxarmaq işini davam etdirir. Lakin 9 yanvar 1936-cı ildə Lasner qilyotində edam olunur. Onun tarixçəsindən, nitqindən təsirlənən Dostoyevski ilkin təəssüratını belə ifadə edir:

"Onun üçün öldürmək bir qədəh şərab içmək kimi olub. Amma öz cinayətlərinə bəraət qazandırmaq üçün Lasner şeirlər, memuarlar yazıb, özünü böyük fikir adamı, sosialist-utopistlərin inqilabi ideyalarının carçısı kimi qələmə verib".

Beləliklə, bir Raskolnikovun əlavə olunması ilə "Sərxoşlar" povesti "Cinayət və cəza" romanına çevrilir. Həmçinin Raskolnikovun simasında və onun ideyalarının vasitəsilə yazıçı nə baş verirsə versin şərin, cinayətin yaxşı yerə aparıb çıxarmayacağını, cəmiyyətin təbəqələşməsinin əslində, heç kəsə xoşbəxtlik gətirməyəcəyini deyir.

Kasıb bir ailənin övladı, hətta təhsilini belə başa vura bilməyən Rodion Raskolnikov çox götür-qoydan sonra başa düşür ki, ən azı bacısının və anasının xoşbəxtliyi naminə maddi vəziyyətini yaxşılaşdırmalıdı. Bunu qanuni və təbii gedişatla etmək çətindi, həm də yaşlı anası o rifahı görməyə bilər. Deməli, cinayət işlətməkdən və bir gecədə varlanmaqdan savayı yol qalmır. Həm də cinayət üçün artıq çoxlu günahı olan, kasıblara faizlə pul verib onlara zülümlər edən qoca sələmçi arvadı öldürsə heç kəsə ziyan dəyməz. Dostoyevski özünə xas olan dəqiqliklə qəhrəmanının cinayətqabağı ovqatını təsvir edir, onun tərəddüdlərini, içindəki mübarizəni yazır. Cəmiyyəti iki təbəqəyə - adilərə və qeyri-adilərə, (üst və aşağı qata) bölən Rodion qəti əmindir ki, özü qeyri-adidir və yuxarılara aiddir. Ona görə də yuxarıların güclü, azad cəmiyyət qurmasından ötrü aşağılardan kimisə, yaxud hamını aradan götürməsi çox normaldır. O deyir, kütlə ona görə yaşayır ki, onun arasından dahilər çıxsın. Hətta qarını öldürməkdən qorxduğu, çəkindiyi anlarda belə özünə qəzəblənir qəhrəman, Napoleon haqda məqalə yazır və deyir ki, Napoleon heç vaxt tərəddüd etməzdi.

Dostoyevskinin sadəcə Raskolnikovun məqaləsi şəklində ifadə etdiyi problem haqda Tolstoy bütöv bir roman - "Hərb və sülh" yazacaq və bir əsr sonra bu əndişələrin əsassız olmaması öz təsdiqini tapacaq. Elə nasistlərin "ari" irqindən olanları seçməsi, hər yeni doğulan arili uşağa qaşıq hədiyyə edib onu sadəcə mənsubiyyətinə görə bütün başqa tayfa, nəsil, xalqlardan üstün sayması necə böyük faciələrə apardı... Yaxud da Sovet respublikalarında sadəcə öz milli kimliyini dilə gətirənlərə vurulan damğalar və günahsız qurbanlar... Deməli, Dostoyevski özünü yuxarı mərtəbəyə aid edən Raskolnikovun aşağı təbəqədən olan sələmçiyə münasibətinin timsalında ümumbəşəri problemi qabardır. Və bu, Fyodor Dostoyevski olmazdı, əgər öz qəhrəmanını sualla üz-üzə qoymasaydı: Elə isə bəs öz anası-bacısı o yuxarı təbəqə kriterilərinə uyğun gəlirmi, gəlmir! Gəlmirsə, deməli, hər hansı üst təbəqədən olan onları vurub öldürə bilər?!

Qəhrəmanın bütün qorxuları məhz bu məqamda aşıb-daşır. Lakin o, hesab edir ki, sələmçini öldürməklə əldə etdiyi pullarla acları doyuracaq, ehtiyacdan əyri yollara düşən qadınlara kömək edəcək, sevmədiyi adamla ailə qurmağa hazırlaşan bacısını qoruyacaq, xəstələri sağaldacaq. Hətta bu niyyətləri ilə Raskolnikov oxucuda rəğbət də oyadır. Amma axı yazıçı o lap əvvəldə qoyduğu niyyəti axıra çatdırmalıdır, ona görə də qəhrəmanın xarakterini sınağa çəkməklə, "bilərəkdən" onu qəliz vəziyyətə salmaqla gerçəkliyi açır...   

Raskolnikov kollec katibi, aradüzəldən, sələmçi Alyona İvanovnanı balta ilə öldürür... Bunu öncədən düşünmüşdü, bu aydındı. Amma axı sadəcə şahid olmuş sadə, dindar qadın, sələmçinin ögey bacısı Lizaveta İvanovnanı öldürməsi artıq o niyyətdən kənardı. Axı, sanki Alyona İvanovna Lizavetta kimiləri müdafiə etmək, onlara kömək məqsədilə öldürülürdü, elə isə.... Bəli, suallar çoxdu və Dostoyevski qoyulmuş əxlaq klişelərini darmadağın etməklə saf niyyətli Raskolnikovun qarşısına Sonya Marmeladovanı çıxarır. Özünü, bədənini satmaqla qəliz həyatını yaşayan, ailəsini dolandıran Sonya əslində bütün safların ən safıdır. İçindəki Allah və insan sevgisi ilə hamıdan üstündü. Raskolnikovu günahını, cinayətini etiraf etməyə də Sonya sövq edir; sən meydanda diz çök və etdiyin əməli boynuna al. Bu məqamda yazıçı qəhrəmanın içindəki peşmançılıq duyğusu ilə bütün dünyaya, zamana nifrətini üz-üzə qoyur. Allahın yaratdığını öldürdüyü üçün peşmanlıq və ondan aşağı (hər halda özü belə hesab edirdi!), nifrət etdiyi adamların qarşısında etiraf!

Və Raskolnikovun qarşısına çıxarılmış Porfiri Petroviç - istintaq işləri üzrə pristav, işinin bilicisi, dəlillər olmadığı halda onu etirafa vadar edən peşəkar hüquqşünas. Rus tənqidi deyir ki, Dostoyevski əslində, Porfiri Petroviçi Raskolnikovun gələcəyi kimi gətirib əsərə. Yəni bütün bu düşüncə və həyat katorqalarından keçən, paklaşan, durulaşan Rodion Porfiri Petroviçə çevrilə bilərdi. Amma onun kimə, nəyə çevrilməsi oxucuya buraxılır. Hər halda mənim sevdiyim bir detal var ki, sonda Sibirə Raskolnikovun ardınca gedən Sonya (o bir az da Fellininin Kabiriyasına bənzəyir) onunla birgə "İncil" oxuyur. Özü də bu "İncil"i oxumağı Sonya yox, məhz cinayətkar Raskolnikov təklif edir. Əgər əksi olsaydı, bu, bədii priyom yox, sadəcə didaktik gediş kimi qavranardı, amma axı bu Dostoyevskidi... O, insan oğlunun Peyğəmbər qatili olduğunu yaxşı bilir və qarşıdakı zamanda cinayətlərin heç bir şəkildə o böyük cinayəti aşıb keçməyəcəyini də anlayır... Ona görə qəhrəmanına yaşamaq üçün şans verir və əsərin sonunda yazır:

"Raskolnikov heç bilmirdi ki, yeni həyat onun əlinə havayı düşməyəcək, bu həyat ona baha oturacaq, göstərəcəyi böyük qəhrəmanlıq hesabına başa gələcək...

Lakin burada yeni əhvalat başlayır... Bu əhvalat yavaş-yavaş yeniləşən, daxilən tamamilə dəyişən, yavaş-yavaş bir aləmdən başqa bir aləmə keçən, bu vaxta qədər tanımadığı, bilmədiyi yeni bir həyatla tanış olan bir adamın əhvalatıdır. Bu, yeni bir hekayənin mövzusu ola bilər, bizim hekayəmiz isə bununla qurtardı".

Rus nəsrinin qeyri-adiliyi də bu yenilənən mövzularda, yanaşmalardadı. Elə ümumi bir panoramadan bütün rus cəmiyyətinin, mühitinin, şəraitinin onun ədəbiyyatında əks olunduğu görünür.

Dostoyevski - ən aşağı təbəqəni, cinayətkarları, zavallıları...

Qorki - acları, səfilləri...

Puşkin - sadə, sıradan, adi adamları

Tolstoy - zadəgan nəsillərin məişətini, həyatını yazıb. Bu siyahını qatıb-qarışdırıb yenidən sıralamaq və hər yazıçının əsərlərində bütün qəhrəmanlardan tapmaq olar. Məsələn, özü o nəslə aid olmayan Çexov "Albalı bağı"nda zadəgan həyatını yazanda Bunin ona etiraz etmişdi, bilmədiyini, yaşamadığını yazmasın - demişdi. Amma sənətin, ədəbiyyatın öz qanunları var... Və son bir ildə yaşadıqlarımız təbiəti qalib elan edibsə, biz xəstəlik əlində aciz qalanda sular durulmada, hava təmizlənmədə, nəsli kəsilməkdə olan heyvanlar artmaqdadırsa, Turgenevdən danışmasam, olmaz. Çünki bütün bu qəhrəmanların nəfəs aldığı  hava, içdiyi su, yetişdiyi təbiət onun əsərlərindədir... Bu haqda isə gələn dəfə!

Pərvin

Mənbə: http://edebiyyatqazeti.az/

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur