mandela-effekti-ezbere-bildiyimiz-seyleri-heqiqetenmi-dogru-xatirlayiriq
Müəllif: Publisist.az /Tarix: 2021-03-18 /Oxunma Sayı: 750

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.
Apardığı fəal mübarizəyə görə, 1963-cü ildə həbs edilir və yalnızca 27 il sonra azadlığa çıxa bilir. Lakin bu onun fəaliyyətini məhv etmir, o həbsdən çıxar-çıxmaz Afrika Milli Konqresinin, daha sonra isə Cənubi Afrika Respublikasının prezidenti seçilir. 2013-cü il 5 dekabr tarixində isə vəfat edir.


İşin qəribə tərəfi məhz bu xəbərin yayılmasından sonra başlayır. Fiona Broome adlı bloqqer daha 2009-cu ildə, öz saytında “Mandelanın həbsxanadaki tragedik ölümü” barədə məqalə yazmışdı. 2013-cü ildəki bu xəbərə o olduqca təəccüblənir, internetdə bu hadisəni tək xatırlayan özüdürmü deyə soruşur. Məlum olur ki, o heç də tək deyil. Əksər insanlar niyəsə, Mandelanın 80-ci illərdə həbsxanada öldüyünü zənn edirmiş. İnanması təəccüblü olsa da, belə idi. Əslində illərdir yaşayan, prezident kimi fəaliyyət göstərən Nelson Mandela, dünya əhalisinin böyük bir qismi tərəfindən uzun illər öncə ölmüş hesab edilirdi.

Hətta, bu hadisə ciddi müzakirə və mübahisələrə səbəb oldu. “80-ci illərdə ölən şəxsin kim olması” araşdırılmağa başlandı. Lakin belə birisi yox idi.

Mandela Effekti, sadəcə fərdin və ya kiçik qrupların deyil, böyük çoxluqların, bəzən hətta, dünyanın əksər qisminin doğru hesab etdiyi kütləvi yanılmaya verilən addır. Effektin adı isə, Broomenin internetdəki müzakirələr zamanı təsadüfi şəkildə işlətdiyi “Mandela Effekti” ifadəsindən yaranır.

Effekt, xüsusən, siyasət və KİV-də kütləvi manipulasiyalar üçün istifadə olunur. Hansısa siyasətçinin ölümü və ya məşhur şəxs barədə olduqca şişirdilmiş məqalə insanların ağlında qalır və irəliləyən zamanda əsl həqiqəti eşitdikdə inanmaqda çətinlik çəkirlər.

Effektin üstümüzdəki təsirini kiçik bir test ilə yoxlaya bilərik. Lakin sualları internetdən araşdırmaq olmaz. Sonda düzgün cavablar paylaşılacaq.

Aşağıdakı şəkilə nəzər yetirək. Əfsanəvi cizgi film personajı “Mickey Mouse”-un paltarı 1. yoxsa 2. şəkildəki kimi idi?

Məşhur avtomobil markası “Volkswagen”-in emblemi hansı formadadır?

Pikaçu cizgi filmi necə? Personajın quyruğunda qara hissə vardı?

“Monopoly” oyununun logosundakı adamın eynəyi var mı?

Doğru cavablar : Mikkinin geyimi asqısızdır, Volkswagenin emblemində cizgi var, Pikaçunun quyruğu tamamilə sarı rəngdədir və ən böyük yanılma, “Monopoly” loqosundakı adamın gözlüyü yoxdur.

Curious George yanılması isə daha maraqlıdır. Bir çox insan personajın quyruğu olduğunu deməklə qalmır, hətta onun ağaclarda hərəkət etmək üçün quyruğunu istifadə etdiyini xatırladıqlarını da qeyd edirlər. Halbuki, o bu məqsədlə, qollarını istifadə edirdi.

 

İnternetdə və həmçinin gündəlik həyatınızda qısa müşahidə aparsanız, effektin sadəcə təsvirlərdə yox, ifadələrdə və tarixi günlərdə də özünü göstərdiyini görə bilərsiniz.

“Mandela effekti” özü ilə birgə bir çox nəzəriyyələr də gətirdi. Ən populyar versiya “zaman maşını”dır. Belə ki, bir çox insan düşünür ki, ilkin həqiqət elə məhz onların xatırladığı kimidir. Lakin, əhalini çaşbaş qoymaqdan zövq alan bir alim keçmişə gedərək hadisələrin gedişatını dəyişdirir.

İkinci versiya isə reinkarnasiya və dejavü effektidir. Əvvəlki həyatımızda yaşadığımız fərqli gedişatı xatırlayaraq bu versiya barədə çaşqınlıq yaşayırıq. Üçüncü versiya isə yadplanetlilərin müdaxiləsidir. Digərləri qədər yayğın olmayan və məntiqi olaraq doğru ola bilməyəcək nəzəriyyə isə paralel dünyalar nəzəriyyəsidir.

Ümumilikdə isə, əlbəttə ki, bu nəzəriyyələrin heç birinin elmi əsası yoxdur.

Son olaraq, Mandela effekti barədə 2019-cu ildə “The Mandela Effect” adlı dram, elmi-fantastika janrlarında filmin çəkildiyini də qeyd etmək lazımdır. Film, peşəkarlar tərəfindən çox yüksək qiymətləndirilməsə də, effektin təsirini daha açıq görmək istəyənlər üçün maraqlı olacağını ümid edirik.

Mandela effekti “Saxta xatirələr” anlayışı ilə birlikdə araşdırılır.

 

Əsmər Mehdizadə

Mənbə :https://www.egegirisimcilik.com/mandela-etkisi-nedir/

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur